Mobil MP3 Müzik Indir

Qəribə xəstəlik

Kamran adlı bir oğlan var idi. Kamranın 4 yaşı olmasına baxmayaraq anasına elə gəlirdi ki, o lap balacadır. Balaca qaşıqla Kamranı yedizdirir, həyətə düşəndə əlindən möhkəm tutur, paltarlarını da özü geyindirirdi. Kamran da elə bilirdi ki, bu belə də olmalıdır. Amma bir gün elə bir hadisə baş verdi ki...Qulaq asın, danışım. Bir gün evə çoxlu qonaq gəlməliydi. Axı bu gün Kamranın ad günü idi. Kamran sevinir, bilirdi ki, ad günündə ona çoxlu hədiyyə verəcəklər. Səhər Kamran oyanan kimi ana tez onu qucağına götürüb təzə paltarlar geyindirdi. Amma Kamranı yerə qoyan kimi o yerə yıxıldı. Ana uşağını qaldırıb təzədən ayaq üstə qoydu. Kamran bu dəfə də yıxıldı. Ana qorxdu. Rəngi qaçdı. Həyəcanla soruşdu: - Kamran, sənə nə olub? Niyə yıxılırsan? Kamran çiyinlərini çəkdi. Yəni, “bilmirəm”, dedi. Ayağa qalxmaq istədi, amma qalxa bilmədi. Ana həyəcanla Kamranı üçüncü dəfə qaldıranda bu dəfə də yıxıldı. Ana Kamranı yatağına uzadıb ağlaya-ağlaya telefona qaçdı. Nömrəni yığıb ataya zəng elədi: - Tez evə gəl, Kamran elə pis xəstələnib ki, ayaq üstə dura bilmir, yıxılır. - Axı o dünən sapsağlam gəzirdi, oynayırdı, nə oldu birdən-birə? - Bilmirəm! - Bu saat gəlirəm! Bir azdan ata gəlib çıxdı. Uşağı qucağına alıb xalçanın üstünə qoydu. Kamran oyuncaqlarına tərəf getmək istəyəndə, yenə yıxıldı. - Aman, - deyə ana ürəyini tutdu. - Həkim çağırmaq lazımdır, - deyə ata həyəcanla oğlunu yatağa uzatdı. Həkim gəldi. Diqqətlə Kamrana baxıb soruşdu: - Niyə yıxılırsan, başın gicəllənir? - Yox! Heç bilmirəm niyə yıxılıram. - Gözlərin qaralır? - Yox! Həkim anaya dedi: - Onu soyundurun, ciyərlərinə qulaq asım. Ana gözlərinin yaşını silib Kamranı soyundurdu. Həkim diqqətlə Kamranı müayinə edib dedi: - Uşağınız tamamilə sağlamdır! - Bəs o niyə yıxılır? - deyə ata və ana bir səslə soruşdular. Həkim də çiyinlərini çəkdi. Yəni, “bilmirəm”, demək istədi. Həkim eynəyini çıxardı. Harasa zəng eləyib dedi: - Bu ünvana təcili professor göndərin! Həkimin bu sözlərini eşidəndə ata və ana hər ikisi birdən başlarını tutub: - Vay, yazıq balamız! – dedilər. Kamran “professor” sözünü eşidən kimi qorxudan birtəhər ayağa qalxıb anasından yapışdı, amma yenə də gəzə bilmədi. Bu vaxt qapı döyüldü. Gələn üst mərtəbədə yaşayan, Kamranın dostu Fərid idi. Fərid Kamranı görən kimi güldü. Ana dedi: - Dostun xəstələnib, sən isə ona gülürsən! Fərid diqqətlə dostuna baxıb dedi: - Mən bilirəm o niyə gəzə bilmir! Həkim acıqlandı: - Deyəsən sən elə professorsan?! Ana təəccüblə soruşdu: - Bəlkə sən doğrudan bilirsən səbəbini, bizə də de! - O iki ayağını bir şalvara geyinib, ona görə də gəzə bilmir! Belə deyib Fərid Kamranın ayaqlarını göstərdi. Hamı baxdı ki, Fərid düz deyir. Ananın səhər işi çox olduğundan tələsmiş, Kamranın iki ayağını səhvən şalvarın bir ayağına geyindirmişdi. Hamı güldü. Həkim sevincək harasa zəng eləyib dedi: - Daha professor lazım deyil, xəstə sağaldı! Həkim gedəndən sonra ata da öz işinə qayıtdı. Fərid dostundan soruşdu: - Özün niyə geyinmirsən ki? - Anam deyir gec geyinirsən! - Mən həmişə özüm geyinirəm. Böyüklər həmişə tələsir, nəyi isə yaddan çıxarırlar. Sən də həmişə özün geyin! - Qorxuram səhv geyinərəm, mənə gülərlər. Geyinmək çox çətindir? - Əlbəttə, yox! Bütün uşaqlar özü geyinir. Mən sənə öyrədərəm. - Elə isə mən də bundan sonra özüm geyinəcəyəm! Ana mətbəxə getdi ki, dadlı yeməklər bişirsin. Kamran ilə Fərid oyuncaqlarla oynadılar. Həmin hadisədən sonra Kamran həmişə özü geyindi. Düzünə qalsa, özü geyinəndə Kamran daha böyük görünürdü. Müəllif: Gülzar İbrahimova Mənbə:sehrlidunya.com

Melumat

Melumat: Qəribə xəstəlik
Əlavə Edilib: 19.05.2017 03:32
Oxunulub: 109 defe
IP: 54.224.100.134
Browser: Unknown Unknown ?
YENI.PRO Pulsuz Yuklemeler