Mobil MP3 Müzik Indir

Dovşanovlar sirkdə

-Sirk gəlir, - deyib bütün balacalar həyətə qaçdılar ki, sirkin rəngli faytonlarını görsünlər. Sirkə gedən yol Dovşanovlar ailəsinin düz evlərinin qarşısından keçirdi. Balacalar yuxudan tez durmuşdular ki, sirkin rəngli faytonlarına baxsınlar. Amma evdən çıxanda yalnız Kenquru sürən axırıncı qırmızı faytonu görə bildilər. Balalar bikef-bikef faytonun arxasınca əl elədilər. Birdən xoşagəlməz bir hadisə baş verdi. Təkər daşa ilişdi və fayton yoldan çıxdı. Faytonçu Kenquru yerə yıxıldı. Balalar köməyə qaçdılar. Bu vaxt faytondan başqa gombul bir dovşan düşüb günahsız Kenquruya qışqırdı: - Bu necə fayton sürməkdir? Yola baxmırsan? Üstəlik mənim kimi məhşur fokusçu Siqmanın həyatını da təhlükə altına atırsan!.. - Bağışla, bilə-bilə eləmədim! ̶ Kenquru inilti ilə dedi. Ayşan atasını köməyə çağırmaq üçün evə qaçmışdı. Gülşan Kenquruya kömək eləyə-eləyə onu müdafiə elədi: - Kenquru yaralanıb, sən isə ona acıqlanırsan! Siqma Gülşanı da acıladı: - Balaca, sən qarışma! Get işinlə məşğul ol! - Qışqırmaq lazım deyil, o düz deyir, - təzəcə yaxınlaşan ata dovşan dedi, - Yaxşısı budur, yaralıya kömək elə! Ana dovşan Kenqurunun əzilmiş ayağını sarıdı. Köməkləşib furqonu təkərləri üstə qoydular. - Mənim əşyalarıma heç kim toxunmasın! ̶ deyə foksçu Sigma deyindi və heç bir işə kömək eləmədən, “sağ olun” da demədən faytona minib getdi. “Necə mədəniyyətsiz, necə kobuddur!”, - hər kəs onun haqqında belə düşündü. Dovşan balaları Kenqurunu velosipedlərinə mindirib özləri ilə sirkə apardılar. Hadisədən xəbər tutan sirkin direktoru çox bikef oldu. Sehrbaz Siqma əsəbiləşmiş, Kenquru yaralanmışdı. Direktora kömək lazım idi. Ata dovşan və bala dovşanlar öz köməklərini təklif etdilər və sirkin direktoru təklifi sevinclə qəbul elədi. Kenquru ağrısa da, o dovşanlara yaxşı məsləhətlər verirdi. Dovşanovlar həvəslə işləyirdilər. İşin sonunda Ata dovşan evə - dincəlməyə getdi. Amma söz verdi ki, axşam tamaşaya mütləq gələcək. Sirkin direktoru dovşanlara icazə verdi ki, sirkdə qalıb məşqlərə baxsınlar. Harda maraqlı məşqlər gedirdi, Kenquru uşaqları ora aparırdı. Sevinirdi ki, belə ağıllı, zəhmətkeş dovşanlarla dostlaşıb. Dovşan balaları maraqla məşqlərə baxırdılar. Akrobatlar elə məşq edirdilər, hamı onlara heyran-heyran baxırdı. - Akrobat olmaq istəyirsiniz? – deyə akrobat dovşan balalarından soruşdu. - Əlbəttə! – balalar sevindilər. - Elə isə yerdəki kəndirləri götürün! Dovşanlar kəndirləri bellərinə bağlayıb akrobatın öyrətdiyi kimi göyə tullandılar. Və tezliklə bu hərəkət onlarda çox gözəl alındı. - Afərin uşaqlar! Bəlkə elə sirkdə aktyorluq eləyəsiniz?- direktor zarafatla dedi. - Bizdən aktyor çıxmaz, - Kökşan dedi, - amma yaxşı veosiped sürə bilirik. - Biz hətta birtəkərli velosiped də sürə bilirik,- Gülşan dedi. Hər işin öhdəsindən bacarıqla gələn, zəhmətkeş dovşan balalarından hamının xoşu gəldi. - Onlar çox istedadlıdırlar! - dedilər. Bircə sehrbaz Siqmadan başqa. O üz-gözünü turşudaraq dodaqaltı nəsə deyinirdi. Kenquru Gülşana kəndirin üstündə gəzməyi öyrədən vaxt Kökşan, Nurşan və Ayşan aktyorların otağına girdilər. Sehrbaz Siqmanın da ləvazimatları bu otaqdaydı. Ayşan sehrbazlığın sirrlərini öyrənmək istəyirdi. Maraqla sehrli əşyalara baxıb dedi: - Məncə Sehrbaz Siqmanın çıxışı maraqsız olacaq! - Nə bilirsən? - qardaşı soruşdu. - O qəddar ifritə oxşayır! Özü də dayanmadan deyinir, - deyə Ayşan qorxa-qorxa pıçıldadı. - Məncə o da bizim kimi adi dovşandır, sadəcə olaraq onun əlləri çox cəlddir. Foks eləmək elə də çətin deyil. Bax Siqmanın sandığının iki tərərfi açıqdır. Bu ləvazimatların köməyi ilə çox asan foks göstərmək olar. - Sehrli əşyalara əl vurmayın, eybəcərlər! - Siqmanın hirsli səsi gəldi. O yaxınlaşanda dovşan balaları Siqmanın hirsdən bərəlmiş gözlərini görüb qorxdular. Amma birdən foksçunun ağlına nə gəldisə, gülümsədi: - Amma istəsəniz sizə bir-iki fokus öyrədə bilərəm! - İstəyirik, - deyə uşaqlar sevinclə qışqırışdılar. - Vaqonda mənim qara torbam var, onu gətirin, sizə maraqlı foks öyrədim! Alın, bu da vaqonun açarı!. - gözlərini hiyləgərcəsinə qıyan Siqma balalara bir açar verdi. - Ura! Siqma daha onlara acıqlanmır! – deyən dovşan balaları sevinib torba gətirmək üçün vaqona tərəf qaçdılar. Yaşıl vaqon çox darısqal, dağınıq və qaranlıq idi. - Görəsən qara torba hardadır?- Bacı-qardaşlar kisə axtaranda birdən vaqonun qapısı bərkdən çırpıldı. İçəri zülmət qaranlıq oldu. Dovşanlar qaranlıqda qaldılar. - Yəqin külək qapını örtdü! - Nurşan dedi. - Bu külək deyildi, külək qapını arxadan açarla bağlamaz! Qapını kimsə bağladı. Mən bilirəm o kimdir?.. Balaca bacı bunu eşidəndə qorxudan ağlamağa başladı, qardaşları onu sakitləşdirdilər: - Qorxma, bir şey fikirləşib burdan çıxacağıq. Bir azdan ata-anamız da bizi axtarıb tapacaq. - Gəlin birlikdə qışqıraq, səsimizi eşidib köməyə gəlsinlər! - Yox, musiqi səsində səsimiz eşidilməz. Gəlin, çıxış yolu axtaraq! Əvvəlcə qaranlıqda nəsə görmək üçün gözümüzü bir neçə dəqiqə bağlayaq! Ana dovşanın başı Kenquru ilə söhbətə qarışdığından balalarının itdiyini hiss eləmədi. Birdən yadına düşdü ki, onlar bayaqdan yoxdur. Tez hər yanı axtarmağa başladı. Tapa bilməyib məyus-məyus Kenqurudan soruşdu: - Görəsən daha harda ola bilərlər? - Bir yer qalmadı. Bəlkə evə qayıdıblar?- Kenquru da anadan soruşdu. - Yox, elə olsaydı mənə xəbər eləyərdilər. Nəsə narahat oldum. - Gedək yenə axtaraq! - Kenquru dedi. Ana dovşan hamıdan balalarını soruşsa da, onların yerini bilən olmadı... - Əziz məzhəkəçilər! Mənim balalarımı görməmisiz? - deyə ana bikef-bikef Güləyən və Şirindən soruşdu. Onlar da təəssüflə “yox!” dedilər. Birdən onların başına haradansa balaca, konfet formasında rəngli kağızlar düşməyə başladı. Hamı təəccüblə göyə baxdı: - Görəsən bu konfetə oxşar kağızlar hardan düşür? Şirin əllərini yuxarı qaldırıb dedi: - Rəngli kağızları külək sağ tərəfdən gətirir. O tərəfdə sehrbazlar məşq edir. Gedək ora, bəlkə onlar balacaların yerini bildi. Hamı Güləyənlə Şirinin dediyi səmtə gedib yaşıl vaqonun yanında dayandılar. Vaqonun qapısı bağlı idi. Həmin konfetlər vaqonun balaca, dəmir qəfəsli pəncərəsindən düşürdü. Ana dovşan səsləndi: - Balalarım, hardasız? - Uraaa... Bizi tapdılar!- içəridən dovşan balalarının sevincək səsi gəldi. Güləyən və Şirin vaqonu açıb dovşan balalarını çıxartdılar. Balalar çıxan kimi hər şeyi olduğu kimi danışdılar. - Yaxşı ki, rəngli konfet kağızları ağlıma gəldi. – Kökşan dedi. - Qaranlıqdan yaman qorxdum, – deyə balaca Ayşan ağlamsındı. - Görəsən Siqma bizi niyə ora saldı? Biz ona neyləmişdik ki? – Nurşan incik səslə soruşdu. Güləyən balaların başını tumarlayıb dedi: - O bunu hiyləgərlikdən eləyir. Qorxur ki, kimsə onun fokslarının sirrini öyrənər, ona daha əl çalmaz, alqışlamazlar. Şirin isə belə dedi: - Çıxışından sonra o yəqin ki, sizi buraxacaqdı. Amma ona dərs verməyin əsl vaxtıdır. Mənə diqqətlə qulaq asın, mənim bir gizli planım var. Zal tamaşaçı ilə dolu idi. Ana dovşan ata dovşanla birinci cərgədə oturmuşdu. Növbə foksçu Siqmaya çatanda, o sehrli sandığı ilə səhnəyə çıxdı. Tamaşaçılar Siqmanı alqışladılar. - Hamınız sandığın bom-boş olduğunu görürsünüz, - tamaşaçılara üz tutub boş sandığı göstərib, onu yenidən bağlayıb dedi: - Kenquru, boş sandığı aç! Abra-Kadabra! Kenquru, boş sandığı aç! Abra-Kadabra! Kenquru sandığı açanda sandıqdan bizim tanıdığımız dovşan balaları çıxdı və zalda qaçışmağa başladılar. Tamaşaçılar “afərin” deyib Siqmanı alqışlasalar da, Siqma hirsindən partlayırdı. Onun sözü yalan çıxmışdı. Əslində sandıq boş olmalıydı və Siqma ora qara torba qoymalıydı. Necə olub ki, dovşan balaları vaqondan çıxıblar? Və necə olub ki, onun sandığına giriblər? Tamaşa maraqlı keçsə də Siqma hirsindən özünə yer tapa bilmirdi. Tamaşanın sonunda sirkin direktoru təklif etdi ki, dovşan balaları da səhnəyə çıxıb tamaşaçılara baş əysinlər. Dovşan balaları sevinclə təklifi qəbul elədilər. Siqma isə elədiyindən utanıb qaranlıq vaqonundan çıxmadı. Dovşanovlar isə böyüyüb tanınmış sirk ustaları oldular. Onlar elə indi də sirkdə işləyirlər. Yəqin ki, sirkdə siz də onları görmüsüz... Müəllif: Gülzar İbrahimova Mənbə:sehrlidunya.com

Melumat

Melumat: Dovşanovlar sirkdə
Əlavə Edilib: 19.05.2017 03:32
Oxunulub: 110 defe
IP: 54.224.100.134
Browser: Unknown Unknown ?
YENI.PRO Pulsuz Yuklemeler